İctimai Televiziya futbol üzrə dünya çempionatının Azərbaycan üzrə yayımını televiziya, radio və rəqəmsal platformaları əhatə edən vahid media ekosistemi çərçivəsində həyata keçirib.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) hafta.az-a bildirilib ki, dünya çempionatı ərzində keçirilən 104 oyunun hamısı Azərbaycan tamaşaçıları üçün əlçatan olub. Onlardan 92-si İctimai TV-nin efirində və itv.az platformasında canlı yayımlanıb.
Qrup mərhələsinin üçüncü turunda eyni vaxtda keçirilən 12 qarşılaşma isə “CBC Sport” telekanalında nümayiş etdirilib. Bununla da futbolsevərlərə mundialın bütün oyunlarını izləmək imkanı yaradılıb. Şimali Amerika ilə saat fərqi nəzərə alınaraq gecə keçirilən qarşılaşmaların gündüz təkrarları da təşkil edilib.
Turnir yalnız televiziya vasitəsilə deyil, İctimai Radio 90 FM-də, itv.az platformasında, telekanalın rəsmi "YouTube" kanalında və sosial media hesablarında da işıqlandırılıb.
Mundialın yayımı ilə bağlı statistik göstəricilərə əsasən, 90 radio reportajı hazırlanıb, "Bol futbol" verilişinin 70 buraxılışı efirə çıxıb, 104 oyunun hər biri üzrə ayrıca videoicmal təqdim olunub. Final oyununun "YouTube" yayımı isə 2 milyona yaxın baxış toplayıb.
İlk dəfə olaraq Azərbaycan televiziya məkanında dünya çempionatı oyunlarının təhlili zamanı "Viz Libero 3D" idman proqramından istifadə edilib. Yeni texnologiya vasitəsilə tamaşaçılara oyunların taktiki elementlərini vizual şəkildə izləməyə imkan verib.
Milyonlarla tamaşaçının izlədiyi hər yayımın arxasında gecə-gündüz çalışan böyük bir kollektiv dayanıb. Aparıcılar, redaktorlar, rejissorlar, operatorlar, şərhçilər, texniki mütəxəssislər, rəqəmsal media komandası və radio kollektivi ABŞ, Kanada və Meksika ilə saat fərqinə uyğun xüsusi iş rejimində fəaliyyət göstərərək mundialın fasiləsiz işıqlandırılmasını təmin ediblər.
İctimai TV dünya çempionatının yayımı zamanı göstərilən əməkdaşlığa görə tərəfdaş qurumlara, CBC Sport kollektivinə, sponsorlara və tamaşaçılara təşəkkürünü bildirib.
Bununla yanaşı, telekanal 2030-cu ildə keçiriləcək mundialın da İctimai TV vasitəsilə canlı yayımlanacağını açıqlayıb. Beləliklə, futbol üzrə dünya çempionatı növbəti dəfə telekanalın efirində və rəqəmsal platformalarında Azərbaycan tamaşaçılarına təqdim olunacaq.